“Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, sağlam gələcək!” mövzusunda tədbir keçirilib - FOTO
Aprelin 10-da Naxçıvan Şəhər İcra Hakimiyyəti və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, sağlam gələcək!” mövzusunda geniş tərkibli tədbir keçirilib. Tədbirdə dövlət qurumlarının nümayəndələri, ictimaiyyət üzvləri, şagirdlər və ümumtəhsil məktəblərinin hərbi rəhbərləri iştirak ediblər.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbir başlamazdan əvvəl Ümummilli Lider Heydər Əliyevin, həmçinin Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Daha sonra Prezident cənab İlham Əliyevin Azərbaycan gənclərinə ünvanladığı müraciətləri və dövlət gənclər siyasətinin əsas istiqamətlərini əks etdirən videoçarx nümayiş olunub.
Tədbiri giriş nitqi ilə açan Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucova çıxışında bildirib ki, ölkəmizdə həyata keçirilən uğurlu dövlət gənclər siyasəti nəticəsində Azərbaycan gəncliyi hərtərəfli inkişaf edir, milli-mənəvi dəyərlərə bağlı, yüksək vətənpərvərlik ruhuna malik və sağlam düşüncəli bir nəsil kimi formalaşır. O qeyd edib ki, gənclərin fiziki sağlamlığı ilə yanaşı, onların ideoloji baxımdan düzgün istiqamətləndirilməsi və milli ruhda tərbiyə olunması dövlətin prioritet istiqamətlərindəndir.
Gülxanım Orucova vurğulayıb ki, bu gün Azərbaycan gəncliyi Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Qələbənin ruhunu yaşadır, ölkəmizin müdafiəsi və inkişafı naminə daim hazır vəziyyətdədir. O, gənclərin hərbi xidmətə marağının artırılması, onların fiziki və mənəvi cəhətdən hazırlıqlı olması istiqamətində görülən işlərin davamlı xarakter daşıdığını diqqətə çatdırıb.
Tədbirdə çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti aparatının idarə rəisi, polkovnik-leytenant Füzuli İsmayılov “Vətənpərvərlik hissi, qalib ölkədə yaşamaq, sağlam həyat tərzi və cəmiyyət üçün faydalı vətəndaş olmaq gənclərimizin əsas həyat prinsipləri olmalıdır”, Aparatın şöbə rəisi Pərviz Sədrəddinov isə “Gənclərin ali məktəb seçərkən diqqət yetirməli olduğu məqamlar” mövzusunda çıxış edib. Xidmətin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinin Naxçıvan şəhər idarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən, polkovnik-leytenant Sultan Zamanov “15 yaşı tamam olan oğlan yeniyetmələrin xidmətlə əlaqələri” barədə məlumat verib.
Eyni zamanda, şəhid Vəli Quliyevin anası Həqiqət Quliyeva və Vətən müharibəsi iştirakçısı, ehtiyatda olan baş leytenant Arif Niftəliyev çıxış edərək dövlət tərəfindən göstərilən diqqət və qayğıdan bəhs edib, gəncləri sağlam düşüncəli və vətənpərvər olmağa səsləyiblər.
Çıxışlarda gənclərin asudə vaxtının səmərəli təşkili, idmanın kütləviliyinin artırılması, hərbi-vətənpərvərlik mövzusunda maarifləndirici tədbirlərin genişləndirilməsi məsələlərinə toxunulub, bu istiqamətdə həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib.
Tədbir Naxçıvan Regional Mədəniyyət İdarəsinin, Heydər Əliyev adına Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin “İncilər” rəqs qrupunun və Naxçıvan şəhər 8 nömrəli körpələr evi–uşaq bağçasının balaca fidanlarının ifasında təqdim olunan vətənpərvərlik ruhlu musiqi nömrələri və rəqslərlə davam etdirilib.
Sonda belə tədbirlərin davamlı keçirilməsinin vacibliyi vurğulanıb, gənclərin sağlam, bilikli və vətənpərvər ruhda formalaşmasının ölkənin gələcək inkişafında mühüm rol oynadığı qeyd edilib.














