Naxçıvanda məhkumlar üçün Novruz şənliyi təşkil edilib -

Naxçıvanda məhkumlar üçün Novruz şənliyi təşkil edilib - FOTO

18 Mart 2025

Martın 18-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində Novruz bayramı münasibətilə “Yurdumuza bahar gəlir” adlı konsert proqramı təşkil olunub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbir çərçivəsində məhkumların iştirakı ilə bayram tonqalı yandırılıb, tonqal ətrafında əyləncəli anlar yaşanıb.

Penitensiar Xidmətin Strateji Planlaşdırma və Monitorinq Şöbəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Əli Rəhimov çıxış edərək məhkumları Novruz bayramı münasibətilə təbrik edib, onlara səmimi arzularını çatdırıb.

Tədbirdə Naxçıvan Dövlət Universitetinin Musiqi Kollecinin əməkdaşları və “Harmoniya” instrumental ansamblı milli musiqilər səsləndirib, məhkumlar rəqs ediblər. Şənliyə Novruz bayramının əsas personajları – Kosa və Keçəl də qatılaraq iştirakçılara bayram ab-havası yaşadıblar.