Naxçıvanda “Yaşıl Enerji” zonasının yaradılmasının əhəmiyyəti nədir?

Naxçıvanda “Yaşıl Enerji” zonasının yaradılmasının əhəmiyyəti nədir?

24 Sentyabr 2025

Azərbaycan Prezidenti İlham Əliyevin müəyyən etdiyi enerji siyasətinə uyğun olaraq, ölkənin müxtəlif regionlarında, xüsusilə də Naxçıvan və işğaldan azad edilmiş ərazilərdə  bərpa olunan enerji layihələrinin genişləndirilməsi nəzərdə tutulur. Bu çərçivədə Naxçıvanda "Yaşıl Enerji" zonasının yaradılması məqsədilə konsepsiya və tədbirlər planı hazırlanır.

Bəs bu zona Naxçıvana nə qazandıracaq? Bu barədə energetika mütəxəssisi Miryunis Seyidov NAXÇIVANXƏBƏRLƏRİ”-nə fikirlərini bildirib.

O qeyd edib ki, Naxçıvan coğrafi baxımdan Azərbaycanın əsas hissəsindən təcrid olunduğundan, enerji təhlükəsizliyi baxımından xüsusi həssas bölgədir. Yerli bərpaolunan enerji mənbələrinin (günəş, külək, hidroenerji və s.) istifadəsi enerji təhlükəsizliyinə müsbət təsir edəcək. Yaşıl texnologiyaların tətbiqi ilə regionda müasir, ətraf mühitə uyğun enerji infrastrukturu formalaşacaq. Bu isə Naxçıvanı “ağıllı region” modelinə yaxınlaşdıracaq.

“Yeni texnologiyaların tətbiqi və infrastrukturun qurulması yerli əhaliyə yeni iş yerləri və iqtisadi imkanlar yaradacaq. Enerji xərclərinin azalması isə biznes və sosial layihələr üçün əlavə stimul olacaq”, - deyə Miryunis Seyidov bildirib.

Qeyd edək ki, Naxçıvanda "Yaşıl Enerji" zonasının inkişafı yalnız bir regional təşəbbüs deyil, Azərbaycanın enerji sektorunda dönüş nöqtəsidir. Bu zona həm daxili enerji tələbatını dayanıqlı şəkildə qarşılayacaq, həm də Azərbaycanın bərpaolunan enerji ixracatçısı kimi mövqeyini möhkəmləndirəcək.

Eyni zamanda, yaşıl iqtisadiyyat modelinə keçid və beynəlxalq öhdəliklərin yerinə yetirilməsi baxımından da strateji əhəmiyyət daşıyır.

Nəticədə deyə bilərik ki, bu dövlət üçün enerji təhlükəsizliyinin gücləndirilməsi və regionda balanslı enerji təminatının qurulması baxımından mühüm əhəmiyyət daşıyır. Sahibkarlar üçün isə bu layihə yaşıl texnologiyalar sahəsində sərmayə qoyuluşu və biznes imkanları açır. Əhali dayanıqlı və fasiləsiz enerji ilə təmin olunmaqla yanaşı, yeni iş yerləri və sosial rifah imkanları əldə edəcək. Qlobal tərəfdaşlar üçün isə bu zona regional yaşıl enerji layihələrində iştirak və əməkdaşlıq üçün cəlbedici platformaya çevriləcək.

Müsahibəni hazırladı:

Mətin Kamal