Səxavət Hümbətov: Naxçıvanda daha keyfiyyətli və rəqabətədavamlı məhsullar istehsal etməliyik

Səxavət Hümbətov: Naxçıvanda daha keyfiyyətli və rəqabətədavamlı məhsullar istehsal etməliyik

23 Sentyabr 2025

Naxçıvanda Azad İqtisadi Zonanın yaradılması ilə bağlı işlər görülür. Belə bir vaxtda yerli şirkətlərin, xüsusilə “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqının fəallığı çox vacibdir.

Bu gün Naxçıvan Muxtar Respublikasında sahibkarlıq sahəsində çox mühüm bir inkişaf mərhələsinin başlanğıcındayıq. Möhtərəm Prezident İlham Əliyevin ölkə üzrə həyata keçirdiyi iqtisadi islahatların nəticəsində şəffaflığın artırılması və sağlam rəqabət mühitinin yaradılması artıq Naxçıvanda da öz real nəticələrini göstərir.

Bu fikirləri "NAXÇIVANXƏBƏRLƏRİ"nə müsahibəsində Naxçıvan Avtomobil Zavodunun direktoru Səxavət Hümbətov bildirib.

Onun sözlərinə görə, xüsusilə son dövrlərdə muxtar respublikada aparılan iqtisadi və institusional dəyişikliklər yeni mərhələyə keçidin əsasını qoyur. Səxavət Hümbətov qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi cənab Fuad Nəcəflinin rəhbərliyi ilə həyata keçirilən tədbirlər sahibkarlar üçün yeni imkanlar açır:

“Həm strateji baxış, həm də praktik yanaşma bizə gələcəyə daha inamla baxmağa imkan verir. Rəhbərlik etdiyim Naxçıvan Avtomobil Zavodu bu gün muxtar respublikada iqtisadi göstəricilərin formalaşmasına, sağlam rəqabət mühitinə böyük təsir edir".

Direktor bildirib ki, sentyabrın 15-də keçirilən müşavirədə sahibkarların iştirakı ilə mühüm məsələlər müzakirə olunub, qarşıdakı hədəflər dəqiqləşdirilib. Onun sözlərinə görə, artıq muxtar respublika yeni bir iqtisadi mərhələyə qədəm qoyur.

Səxavət Hümbətov deyib ki, 2025-ci ilin yanvar-avqust ayları ərzində makroiqtisadi göstəricilər də dinamik olub:

“Ümumi daxili məhsul ötən ilin eyni dövrü ilə müqayisədə 5 faiz artıb, sənaye məhsulu istehsalında isə 19 faizdən çox artım əldə olunub. Bu, təkcə statistika deyil, həm də hər bir sahibkarın əməyinin və dövlət dəstəyinin birgə nəticəsidir”.

Müsahibin sözlərinə görə, Zəngəzur dəhlizinin tam reallaşması Naxçıvanı regionun əsas logistika və investisiya mərkəzinə çevirəcək.

Direktor qeyd edib ki, gömrük və vergi güzəştləri, subsidiyalar və azad iqtisadi zonanın yaradılması sahibkarlıq üçün çox mühüm dəstəkdir. Onun fikrincə, tətbiq olunacaq 10 illik güzəştlər sayəsində yeni istehsal müəssisələri açılacaq, investisiyalar cəlb ediləcək və məşğulluq artacaq.

Səxavət Hümbətov əlavə edib ki, şəffaf mühitin təmin olunması sahibkarları daha məsuliyyətli olmağa, keyfiyyətli və rəqabətədavamlı məhsullar istehsal etməyə sövq edir.

O həmçinin vurğulayıb ki, “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqı da muxtar respublikanın sosial-iqtisadi inkişafında mühüm rol oynayır, yerli istehsalı artırır və yeni iş yerləri yaradır.

Müsahibəni hazırladı:

Mətin Kamal