Zeynəddində bu il 55 ton çiyələk məhsulu satışa çıxarılıb
Babək rayonunun Zeynəddin kəndi Naxçıvan Muxtar Respublikasında çiyələk yetişdiriciliyinin geniş yayıldığı əsas ərazilərdən biridir. Muxtar respublikada istehsal olunan çiyələyin böyük hissəsi məhz bu kəndin payına düşür.
Babək Rayon İcra Hakimiyyətinin əməkdaşı Turan İmanov “NAXÇIVANXƏBƏRLƏRİ"-nə bildirib ki, bu il Zeynəddin kəndində çiyələk mövsümü ötən illə müqayisədə daha yüksək məhsuldarlıqla davam edir. Mövsüm başlayandan indiyədək kənddəki təsərrüfatlardan ümumilikdə 55 ton çiyələk yığılaraq satışa çıxarılıb.
Onun sözlərinə görə, hazırda məhsul yığımı davam edir. Buna görə də mövsümün yekununda tədarük olunan çiyələyin ümumi həcminin daha da artacağı gözlənilir. Yığılan məhsul mərhələli şəkildə bazara çıxarılaraq istehlakçılara təqdim olunur.
Turan İmanov qeyd edib ki, Zeynəddin kəndində çiyələk yetişdirilməsi artıq kənd təsərrüfatının mühüm istiqamətlərindən birinə çevrilib. Əlverişli torpaq-iqlim şəraiti, eləcə də təsərrüfat sahiblərinin bu sahədə qazandıqları təcrübə çiyələk istehsalının ildən-ilə artmasına imkan yaradır.
Onun sözlərinə görə, çiyələk istehsalının genişlənməsi yerli bazarın keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təmin olunması ilə yanaşı, kənd sakinlərinin məşğulluğunun artırılması və əlavə gəlir imkanlarının formalaşdırılması baxımından da əhəmiyyətlidir.
Turan İmanov vurğulayıb ki, Zeynəddin kəndinin Naxçıvan Muxtar Respublikasında çiyələk istehsalında önəmli paya malik olması kənddə bu sahənin inkişaf potensialını göstərir. Mövcud təsərrüfatların fəaliyyətinin genişlənməsi və məhsuldarlığın artması gələcək dövrdə də çiyələk istehsalının yüksəlməsinə əlverişli imkan yaradır.
Müsahibəni hazırladı:
Xosrov İbrahimov








