Azyaşlı uşaqları olan şəxslərin cəzasının çəkilməsi təxirə salına bilərmi? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslərin cəzasının çəkilməsi təxirə salına bilərmi?
Cavab: Şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər.
Birinci abzasda nəzərdə tutulmuş şəxslər, məhkum edilmiş şəxslər üzərində nəzarəti həyata keçirən müvafiq dövlət orqanının xəbərdarlığından sonra uşaqdan imtina etdiyi və ya uşağı tərbiyə etməkdən boyun qaçırmaqda davam etdiyi halda, məhkəmə həmin orqanın təqdimatı əsasında cəzaçəkmənin təxirə salınmasını ləğv edə və məhkumu cəzanı çəkmək üçün hökmlə müəyyən olunmuş yerə göndərə bilər.
Uşaq on dörd yaşına çatdıqda, məhkəmə məhkum edilmiş şəxsi cəzanın çəkilməmiş hissəsindən azad edir və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz edir.
Sual Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri Səttar Əsgərov tərəfindən cavablandırıldı.








