Naxçıvanın iqtisadi inkişafı mərkəzi büdcədən asılılığın azalmasına səbəb olacaq

Naxçıvanın iqtisadi inkişafı mərkəzi büdcədən asılılığın azalmasına səbəb olacaq

10 Yanvar 2025

Naxçıvan Muxtar Respublikasının gələcək iqtisadi inkişafı mərkəzi büdcədən asılılığın azalmasına səbəb olacaq. İqtisadiyyatın müxtəlif sahələrində - kənd təsərrüfatı, turizm, alternativ və bərpa olunan enerji sahələrində geniş potensiala malik olan Naxçıvan, öz imkanlarını daha da inkişaf etdirməkdədir.

İqtisadçı-ekspert Eyyub Kərimli "NAXÇIVANXƏBƏRLƏRİ"-nə müsahibəsində bildirib ki, Zəngəzur dəhlizinin açılması və Dövlət Proqramı çərçivəsində həyata keçirilən işlər Naxçıvanın iqtisadi müstəqilliyinə mühüm töhfə verəcək. Son illərdə əldə olunan nailiyyətlər bu proqnozların əsaslı olduğunu sübut edir.

"2024-cü ildə Naxçıvanın büdcəyə daxilolmaları 230,7 milyon manat təşkil edib. Bu vəsaitin 226,6 milyon manatı Dövlət Vergi Xidmətinin xətti ilə, 2,3 milyon manatı dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən, 1,8 milyon manatı isə digər mənbələrdən daxil olub".

"Son üç ilin statistikası da Naxçıvanın iqtisadi inkişaf tempini əks etdirir. Belə ki, 2024-cü ildə büdcə daxilolmaları 2023-cü illə müqayisədə 62,3 milyon manat (37%), 2022-ci illə müqayisədə isə 97 milyon manat (72,6%) artıb".

İqtisadçı Eyyub Kərimli qeyd edib ki, Naxçıvanın iqtisadi potensialından tam şəkildə istifadə olunması həm daxili inkişafı gücləndirəcək, həm də mərkəzi büdcədən asılılığını əhəmiyyətli dərəcədə azaldacaq.