
Naxçıvanlı gənclər Ombudsman aparatında könüllülük fəaliyyətini başa vurublar - FOTO
Fevralın 21-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatda könüllülük proqramının başa çatması ilə bağlı tədbir keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, müvəkkil Günay Rzayeva çıxış edərək təsisatın yaranması, fəaliyyət istiqamətləri, o cümlədən müstəqil monitorinq və preventiv mexanizm funksiyaları barədə məlumat verib, ölkəmizdə müxtəlif sahələrdə gənclərin uğurla fəaliyyət göstərmələri üçün imkanların yaradıldığını bildirib, peşəkar kadrların hazırlanması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.
Müvəkkil hər bir könüllünün təsisatda keçdiyi təcrübə nəticəsində əldə etdiyi praktiki biliklərlə, eyni zamanda, onların cəlb olunduğu sosial və mədəni layihələrlə maraqlanıb, onlara təhsil və karyeraları ilə bağlı tövsiyələr verib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Daha sonra könüllülərə sertifikatlar və hədiyyələr təqdim edilib.
Könüllülər yaranan əməkdaşlıqdan məmnun olduqlarını, gələcək hədəflərinin və gözləntilərinin yüksək olduğunu bildirib, yaradılan şəraitə görə Müvəkkilə və aparatın əməkdaşlarına təşəkkür ediblər.