
Onlarda yəqin belədir... Bizdə isə...
Azərbaycanın ən müqəddəs ünvanlarından biri olan Şəhidlər Xiyabanı Vətənin azadlığı, suverenliyi və torpaq bütövlüyü uğrunda canından keçmiş minlərlə qəhrəmanımızın əbədiyyətə qovuşduğu məkandır. Bu torpaq təkcə şəhid qanı ilə sulanmayıb - bu torpaqda əxlaq, şərafət və vətən sevgisi yatır. Elə buna görə də Şəhidlər Xiyabanı bizim üçün sadəcə bir abidə yeri deyil, həm də milli kimliyimizin, qürurumuzun və tarixi yaddaşımızın təcəssümüdür.
Lakin son günlərdə bəzi sosial media platformalarında yayılan görüntülər hər bir vicdanlı Azərbaycan vətəndaşını dərin kədərə və qəzəbə boğur. Əcnəbi ziyarətçilərin Şəhidlər Xiyabanında qeyri-etik davranışlar sərgiləməsi - məzarlar üzərində gülərək şəkil çəkdirməsi, əyləncəli videolar paylaşması, müqəddəsliyə yaraşmayan pozalarda özlərini təqdim etməsi - xalqımızın heysiyyətinə, şəhidlərimizin ruhuna qarşı açıq hörmətsizlik və məsuliyyətsizlik nümunəsidir.
Bəzi hallarda bu davranışlar "savad azlığı", "məkanın mahiyyətini bilməmək" kimi sadə səbəblərlə izah edilməyə çalışılsa da, bu izahlar məsuliyyəti azaltmır. Çünki harada olursa-olsun, hər bir insan, xüsusilə başqa bir ölkədə qonaq olan şəxs öz davranışına nəzarət etməli, qarşısındakı mədəniyyətə və dəyərlərə hörmətlə yanaşmalıdır.
Bu məsələ təkcə emosional reaksiya ilə yox, ictimai və dövlət məsuliyyəti ilə də dəyərləndirilməlidir.
Dövlət qurumları, xüsusilə Mədəniyyət Nazirliyi, AQUPDK, Diasporla İş üzrə Dövlət Komitəsi, Turizm Agentliyi və Bakı Şəhər İcra Hakimiyyəti bu cür halların təkrar baş verməməsi üçün qabaqlayıcı tədbirlər görməlidir. Şəhidlər xiyabanına girişdə ziyarətçilərə yönəlik açıqlayıcı lövhələr, beynəlxalq dillərdə etik davranış qaydaları və video müşahidə sistemləri gücləndirilməlidir.
Turistləri ölkəyə gətirən bələdçilər və turizm şirkətləri Şəhidlər Xiyabanını sadəcə "turistik məkan" kimi deyil, milli matəm və ehtiram yeri kimi təqdim etməlidirlər.
Sosial şəbəkə istifadəçiləri isə bu cür videoları paylaşarkən məsuliyyətli olmalı, izlənmə və bəyənmə naminə şəhidlərimizin ruhunu təhqir edən kontentləri yaymamalıdır. Əksinə, belə hallara qarşı ictimai qınaq formalaşdırılmalı və bu cür davranışlara dərhal reaksiya verilməlidir.
Bizim vətəndaşlıq borcumuz təkcə fiziki müharibədə qalib gəlmək deyil. Mənəvi mübarizədə də dik durmaq, milli dəyərlərimizi qorumaq və şəhidlərimizin ruhunu incitmək istəyən hər cür davranışa qarşı bir yumruq kimi birləşməkdir.
Unutmayaq ki, bu məkan nəinki Azərbaycanın, bütün türk dünyasının və insanlığın qeyrət yeridir. Burada gülmək, poz vermək, əylənmək yox dərrakə ilə düşünmək, ürəklə anmaq, susaraq minnətdarlıq ifadə etmək lazımdır.
Mənsurə HÜMBƏTOVA