Kənd təsərrüfatı texnikasını qeydiyyatdan keçirməyənləri cərimə gözləyir

Kənd təsərrüfatı texnikasını qeydiyyatdan keçirməyənləri cərimə gözləyir

25 Avqust 2026

Kənd təsərrüfatı texnikalarının dövlət qeydiyyatı və texniki baxışdan keçirilməsi onların təhlükəsiz və etibarlı istismarının təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə müsahibəsində Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin sektor müdiri Səbuhi Həsənov bildirib.

Onun sözlərinə görə, dövlət qeydiyyatı vasitəsilə muxtar respublikanın ayrı-ayrı regionlarında mövcud olan traktor, kombayn, asılan-qoşulan və digər kənd təsərrüfatı texnikaları barədə dəqiq məlumat bazası formalaşdırılır:

“Qeydiyyat zamanı texnikaların real sayı, texniki göstəriciləri və hüquqi vəziyyəti müəyyənləşdirilir. Texniki baxış zamanı isə texnikanın istismar üçün yararlılığı və əsas texniki sistemlərinin sazlığı yoxlanılır. Bu, nasazlıqların və mümkün qəza risklərinin əvvəlcədən müəyyən edilməsinə, insanların təhlükəsizliyinin qorunmasına imkan verir”.

S.Həsənov qeyd edib ki, qeydiyyat və texniki baxış nəticəsində kənd təsərrüfatı texnikası parkının real vəziyyətini də müəyyənləşdirmək mümkündür:

“Burada söhbət yalnız qeydiyyatda olan texnikaların sayından getmir. Onların nə qədərinin faktiki olaraq işlək və kənd təsərrüfatı işlərinə yararlı olduğu da qiymətləndirilir. Bu məlumatlar yeni texnikalara olan tələbatın düzgün hesablanması, köhnəlmiş və istismara yararsız texnikaların yenilənməsi baxımından mühüm əhəmiyyət daşıyır”.

Sektor müdiri bildirib ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 340.1-ci maddəsinə əsasən, kənd təsərrüfatı texnikasını qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə dövlət qeydiyyatından və ya texniki baxışdan keçirmədən idarə edən şəxslər inzibati məsuliyyət daşıyırlar.

“Belə hallarda fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 300 manat məbləğində cərimə edilirlər. Bundan əlavə, inzibati məsuliyyətə cəlb olunan şəxs texnikanı dövlət qeydiyyatından və ya texniki baxışdan keçirməlidir. Qanunvericilikdə bunun üçün 10 günlük müddət nəzərdə tutulub”, – deyə S.Həsənov vurğulayıb.

O əlavə edib ki, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “Naxçıvan Aqrar Xidmətlər Mərkəzi” publik hüquqi şəxsi tərəfindən texniki vəziyyəti qanunla müəyyən edilmiş tələblərə uyğun olmayan, dövlət qeydiyyatına alınmayan və qanunla müəyyən edilmiş hallarda dövlət texniki baxışından keçməyən kənd təsərrüfatı texnikalarının istismarı qadağan edilir.

S.Həsənovun sözlərinə görə, burada əsas məqsəd yalnız cərimə tətbiq etmək deyil:

“Əsas məqsəd kənd təsərrüfatı texnikalarının dövlət uçotunda olmasını, texniki cəhətdən saz vəziyyətdə saxlanılmasını və təhlükəsiz istismarını təmin etməkdir. Ona görə də texnika sahiblərinə müraciət edirik ki, qeydiyyat və texniki baxışla bağlı son müddəti gözləmədən bu prosedurları vaxtında həyata keçirsinlər. Bu, həm inzibati məsuliyyətdən yayınmağa, həm də texnikaların təhlükəsiz və qanuni istismarına imkan verəcək”.

Müsahibəni hazırladı: 

Xosrov İbrahimov