
Peşəkar: Səməd Canbaxşiyevlə müsahibə
Jurnalist yoxsa aktyor?
Teatrı tez-tez “cəmiyyətin kiçildilmiş modeli” və “canlı orqanizm” adlandırırlar. Bu, heç də təsadüfi deyil. Çünki teatr minilliklərdir həyatın güzgüsü rolunu oynayaraq insanlara dərin mənəvi qida verir. O, insanın daxili dünyasını əks etdirən bir sənət məbədi, həyatın incəliklərini dərk etməyə yardımçı olan böyük bir məktəbdir.
Teatr yalnız tamaşalardan ibarət deyil. Bu sənət növü insanların tərbiyəsində, dünyagörüşünün formalaşmasında və həyatın mənasını anlamaqda əvəzsiz rol oynayır. Teatr səhnəsində çalışan istedadlı şəxslər hər zaman öz sənətləri ilə birgə anılıb. Belə insanlar yalnız rollarını oynamır, hər bir obrazı qəlbən yaşayır, onun hər bir hissini içdən duyurlar. Bu, onların sənətə olan bağlılığını, səhnəsiz bir həyatı təsəvvür edə bilməyəcək qədər sənət eşqi ilə yaşamalarını göstərir.
Bu cür peşəkarlardan biri də Naxçıvan Muxtar Respublikasının əməkdar artisti və Naxçıvan Dövlət Milli Dram Teatrının direktor müavini Səməd Canbaxşiyevdir. Onun sənətə olan sevgisi, səhnəyə bəxş etdiyi illər və yaratdığı obrazlar, həm teatr aləmində, həm də cəmiyyətdə yüksək dəyər qazanıb.
Səməd müəllimlə görüşüb həmsöhbət oldum. Onunla etdiyim söhbətimi siz dəyərli oxucular ilə bölüşmək istiyirəm:
Səməd Canbaxşiyev 1972 – ci ildə Şahbuz rayon Külüs kəndində anadan olub. Külüs kənd orta məktəbini gümüş medalla başa vurub, elə həmin ili (1989-cu il) Naxçıvan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Naxçıvan Dövlət Universitetinə sənəd verib amma uğursuz nəticə əldə etdiyi üçün təhsilini yarıda qoyub Almaniyada həqiqi hərbi xidmət keçib. Ondan sonra 1992-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr kollektiv rejissorluğuna qəbul olunub və hər iki təhsili paralel olaraq qiyabi oxuyub 1997-1998-ci illərdə təhsilini başa vurub.
Müsahibimizə teatra ilk gəldiyi vaxtlardan söhbət açmasını istədik.
Səməd müəllim qeyd etdi ki, onun teatra olan sevgisi hələ kiçik yaşlarından qəlbində hakim kəsilmişdi.
Belə bir maraqlı fakt deyim: "1984-cü ildə, 4-cü sinifdə oxuyarkən bir inşa yazmışdım. İnşanın başlığı “Mənim arzum” idi və orada aktyor olmaq istəyimi qeyd etmişdim. Həmin yazı illər sonra təsadüf nəticəsində dəftərlər arasında əlimə keçdi. Oxuyanda diqqətimi çəkdi ki, mən o inşanı həm aktyor, həm də jurnalist olmaq arzusunda yazmışam".
O dedi ki, 1990-cı ildə ilk dəfə Naxçıvan Dövlət Kukla Teatrı müsabiqə keçirdi. Təxminən 30 nəfər iştirak edirdi, lakin onlardan yalnız 12 nəfəri seçildi. Seçilənlərin 6-sı aktyor, 3-ü yüksək dərəcə ilə aktyor, qalan 3 nəfəri isə II dərəcəli aktyor kimi qəbul edildi. Mən yüksək dərəcəli, yəni I dərəcəli aktyorlar sırasında idim. Müsabiqədən keçdikdən sonra məni teatra qəbul etdilər. 1990-cı il martın 1-dən teatra bağlandım və o gündən bu günə qədər heç bir gün işsiz qalmamışam. 1996-cı ilədək Naxçıvan Dövlət Kukla Teatrında çalışdım.
"Eyni zamanda, 1993-cü ildə Naxçıvan Hərbi Qarnizonunun Zabitlər Evində “Yeddi Ulduz” adlı bir şou proqram yaratdıq. Orada həm ssenariləri yazır, həm də özümüz çıxış edirdik. O dövrdə Naxçıvanda KVN yox idi və bizim bu proqramımız o boşluğu doldururdu. İndiki "Komedixana" kimi bir format yaradırdıq. O zamanlar teatr və mədəniyyət zəif inkişaf edirdi, çünki insanlar hər şeyi iqtisadi problemlərlə əlaqələndirirdilər. Lakin biz çətin şəraitdə bu sahəni seçdik. Təqdim etdiyimiz konsertlər əsasən ödənişli idi. Rayonlara, kəndlərə gedirdik, lakin ən çox əsgərlər üçün çıxışlar edirdik".
Səməd müəllim deyir ki, 1996-cı ildə taleyimi Naxçıvan Dövlət Milli Dram Teatrı ilə bağladım.
"O vaxt Kamran Quliyev mənim işə dəvət etdi . İlk dəfə orada Həmid Arzulunun “İtilənən xəncərlər” tamaşasında Akif rolunda çıxış etdim. Təsəvvür edin, Yasəmən xanımla tərəfmüqabil idim. O, mənim sevgilim rolunu oynayırdı. Mən 24 yaşında gənc bir aktyor idim, onlar isə çox təcrübəli sənətkarlar idi. Hətta belə bir maraqlı detal deyim: səhnədə həyəcanlanmamaq üçün ayaqqabımın içərisinə kiçik bir daş qoymuşdum. Ayağımı yerə basanda o daş məni incidirdi və bu, məni bir qədər həyəcanımdan uzaqlaşdırırdı. İlk tamaşam olmasına baxmayaraq, çox uğurlu oldu və yaxşı sözlər eşitdim".
Müsahibimiz deyir ki, bundan sonra komediyalarda rol almağa başladım. Qeyd edim ki, mənim ilk sənət müəllimim Rövşən Hüseynov olub. Rövşən müəllim çox yaxşı tərəfmüqabil idi və ondan çox şey öyrənmişəm. Mən hər zaman deyirəm: “İncəsənət Universiteti bir yana, Naxçıvan teatrının səhnəsi bir yana”.
Bu illər ərzində müxtəlif obrazlarda çıxış etmişəm – komediyadan faciəyə qədər. Məsələn, 1997-ci ildə Nadir şah dram əsəri tamaşaya qoyulanda Rzaqulu, Elçin və Dərviş rollarını canlandırdım, yəni bir tamaşada üç rolun öhdəsindən gəldim. Atabəylər tamaşasında isə Mahmud rolunu oynadım. Tərəfmüqabilim Xalq artisti Xuraman Hacıyeva idi. O illərdə Bakıdan Naxçıvan teatrına çox yaxşı tamaşalar gəlirdi.
2004-cü ilin may ayında Prezident İlham Əliyevin Naxçıvana səfəri zamanı bu tamaşaya baxdı və tamaşanı çox bəyəndiyini bildirdi.
Səməd Canbaxşiyevin jurnalistikaya gəlişindən danışaq.
Səməd müəllim deyir ki, 2001-ci ildə məni “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Gülparə Bayramova televiziyada işləməyə dəvət etdi. Biz həm də tələbə yoldaşı olmuşduq. 1998-ci ildə ailə qurduqdan sonra maddi vəziyyətimi yaxşılaşdırmaq üçün ikinci bir sahə seçmişdim. Televiziya mənim üçün daha əlverişli idi, çünki jurnalistika diplomum var idi. Orada uşaq verilişləri aparırdım və həmin verilişlər maraqla izlənirdi.
"Gülparə xanım o vaxt belə bir təklif də etmişdi ki, məni uşaq və idman redaksiyasına baş redaktor təyin etsin. Mən xüsusi qeyd etmək istəyirəm ki, Naxçıvan Televiziyasının yenilikləri məhz Gülparə Bayramovanın rəhbərliyi ilə başlamışdı. Onun gördüyü işlər və gəncləri televiziyaya cəlb etməsi həmin dövrdə sözün yaxşı mənasında bir inqilaba səbəb olmuşdu.
O vaxtlar bir müddət teatrdan uzaqlaşsam da, NTV-də işləyərkən Naxçıvan teatrı ilə əlaqələrimiz davam edirdi. O zaman Mirşahin Mirişli adlı gənc və bacarıqlı rejissor da bizimlə idi. Onunla birgə 10-11 televiziya filmi çəkdik". - deyə bildirdi.
Səməd müəllim söhbətimiz zamanı bildirdi ki, 2003-cü ildə Lider Televiziyasından təklif aldım. Orada Naxçıvan müxbiri kimi işləməyimi təklif etdilər. Mən də bu təklifi qəbul etdim, çünki daha geniş auditoriya əldə etmək istəyirdim. Orada da eyni qayda ilə Naxçıvan teatrını təbliğ etməyə başladım. Teatrla bağlı süjetlər hazırladım. Jurnalistikaya yönəlsəm də, yenə də teatrla əlaqəli işlər görmüşəm.
Peşəkar qeyd edir ki, 2004-cü ildə Rza Xudiyev və Kamran Quliyev mənə təklif etdilər ki, teatrda rollarımı ifa edim. Bununla yanaşı, həm Lider TV-nin müxbiri kimi işləyə bilərdim, həm də boş vaxtlarımda tamaşalarda iştirak edə bilərdim. Mən bu işi davam etdirdim. Teatrda mənə “Lənkəran xanının vəzirinin sərgüzəştləri” tamaşasında Teymur ağa obrazını verdilər. Düzdür, Rza müəllimlə dublyor idik, daha çox o oynadı və mən demək olar ki, bu rolu oynamadım.
Sonra İlyas Əfəndiyevin “Hökümdar və qızı” tamaşası səhnələşdiriləndə, məni tamaşa hazır olsa da, sonradan bu tamaşaya daxil etdilər. Orada “Cavadxan” rolunda Hüseynqulu xan obrazını canlandırdım. O vaxt bu rol çox yaxşı rezonans verdi. Hətta neçə ildir məni televiziya jurnalisti kimi tanıyan insanlar birdən-birə məni teatrda görüb təəccüblənmişdilər. Onlar “Çox yaxşı oynadın, sənin yerin məhz teatrdır” dedilər.
Səməd müəllim bir neçə il də paytaxtda yaşayıb, orda işləyib. Deyir ki, yenidən Lider TV-dən təklif aldım və Bakıya getdim. Bakıda işlədim, lakin 2007-ci ildə yenidən Naxçıvana qayıtdım və 2013-cü ilə qədər teatrla bağlı süjetlər hazırlamağa davam etdim. 2013-cü ildə Kamran Quliyev teatrın direktoru idi və yenidən məni teatra dəvət etdi. Bir müddət aktyor kimi işlədim. Daha sonra Rza Xudiyev direktor olanda ədəbi hissə müdiri vəzifəsində çalışdım, amma yenə də paralel olaraq aktyorluq fəaliyyətimi davam etdirirdim.
Səməd Canbaxşiyev deyir ki, 2018-ci ildə "Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin nəzdində "Nuhçıxan" İnformasiya Agentliyi yaradıldı. Naxçıvan TV-nin sədrinin dəvəti ilə baş redaktor vəzifəsinə daxil oldum. Bununla yanaşı, "Naxçıvanın Səsi" radiosu və Kanal 35 TV-də də fəaliyyət göstərdim. Burada teatrla bağlı müxtəlif verilişlər hazırladım. Mən həmişə jurnalistika və teatrı paralel şəkildə aparmışam.
2020-ci ildə yenidən Naxçıvan Teatrına gəldim. O zaman teatrın direktoru olan Rza Xudiyev, indi isə Ali Məclisin deputatı olan Rza müəllim teatrda aktyor olaraq fəaliyyətini davam etdirir.
Rza müəllim yalnız olduğunu bildirdi və mənim köməyimi istədi. Qeyd etdi ki, teatrın təbliğatını və işlərini yaxşı bildiyimi nəzərə alaraq, mənə direktor müavini vəzifəsini təklif etdi.
Bu illər ərzində Naxçıvan Teatrında təxminən 30-dan çox rol oynamışam, həm epizodik, həm də baş rollarda.
Müsahibimizə sual verdim ki, bu rollar içində sizə ən yaxın obraz hansı oldu?
Səməd müəllim bildirdi ki, o, hər zaman bütöv Azərbaycan və Türk dünyası ilə bağlı bu cür məsələlərin tərəfdarı olmuşdur. 2015-ci ildə Əli Əmirlinin əsəri olan "Ağa Məmməd şah Qacar" tamaşası səhnəyə qoyulmuş, çox uğurlu bir tamaşa olmuşdu. Mən orada şah Qacar rolunu oynamışdım. Bu tamaşanın iki dəfə ictimai baxışı oldu, o zaman Akademiyadan gəlmişdilər, rəhmətlik alimimiz Hacı Qadir Qədirzadə, İsmayıl Hacıyev və digər tarixçilər tamaşanı izlədilər. Tamaşa bitəndən sonra orada müzakirə zamanı Hacı Qadirin dediyi söz hələ də mənim yadımdadır: "Biz Qacardan çox, Səmədin özünü gördük". Bu mənə çox xoş gəldi.
Bəs özünüzü hansı obrazda görməyi daha çox istərdiniz?
Mənim arzum Mirzə Cəlilin "Ölülər" dramından Kefli İsgəndəri oynamaq olub, amma tamaşa qoyulmadı. Bununla yanaşı, yaş öz sözünü dedi. Şeyx Nəsullahı oynamışam, o da çox bəyənildi.
Özüm də iki tamaşanın rejissorluğunu etmişəm. Birincisi, Mehmet Ümit Görgülünün psixoloji dram janrında olan "Cibimizdəki dəlilik"dir, orada baş rolu oynamışam. Digər tamaşa isə Tuncər Cücənoğlunun "Rəngsaz" əsəri olub, burada da özüm 2 epizodda 2 rolu oynamışam.
Teatr elə bir sahədir ki, burada hər şey səhnədə süni olur. Taxtdan ağaclar, müşənbədən günəşlər, amma orada yeganə canlı var, o da aktyordur. Ona görə teatr həmişə maraqlıdır, teatr uzunömürlüdür. Bir gün bir nəfər mənə dedi ki, niyə jurnalistika, yoxsa teatr? Mən də dedim ki, "Bəs, mənim hazırladığım hansı sujet sizin yadınızdadır?". Cavab: "Yox, amma yaxşı sujetlər var idi". Dedim, "Bəs hansı?". Baxdım ki, adam cavab verə bilmədi. Dedim, "Bəs teatrda hansı rolum yadınızdadır?". Cavabında dedi ki, "Sən Qacar rolunu çox gözəl oynadın". Bax, buna görə teatr mənim üçün jurnalistikadan daha üstündür. Çünki teatrda yaratdığın hər şeyə canlı tamaşaçı baxdığı üçün onun yadında daha yaxşı qalır.
Səməd müəllim əməyi dövlətimiz tərəfindən layiqincə qiymətləndirilən sənətkar, onun sənətinə göstərilən qayğı ilə bağlı fikirlərini belə dilə gətirdi: "Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş yaradıcı insanların əməyinin dövlətimiz tərəfindən qiymətləndirilməsi ənənəsini mən hər zaman öz üzərimdə hiss etmişəm və bu siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir.
Mədəniyyət xadimlərinin yaradıcı əməyinin qiymətləndirilməsi ilə yanaşı, bu sahəyə aid dövlət proqramlarının qəbul edilməsi, qanunvericiliyin təkmilləşdirilməsi məsələləri uğurla davam etdirilir. Bu sahənin daim dövlətin və ictimaiyyətin diqqətində olması isə əyani şəkildə görülür. Muxtar respublikada teatr sənətini yaşadan sənət adamlarının əməyinin dövlətimiz tərəfindən yüksək qiymətləndirilməsi yaradıcı insanları fərəhləndirir. 2000-ci il dekabrın 30-da Hüseyn Cavidin "Topla Teymur" əsərini tamaşaya qoyanda mən orada "Orxan" rolunu oynayırdım. Həmin tamaşadan sonra mənə Naxçıvan Muxtar Respublikasının əməkdar artisti fəxri adı verildi, 2015-ci ildə isə Prezident təqaüdünə layiq görüldüm. 2020-ci ildə isə Lider TV-də uzun müddət işlədiyim üçün "Tərəqqi" medalı ilə təltif edildim".
Səməd müəllim əlavə edir ki, bəzən insanlar deyirlər ki, "Mən xidmət etmişəm". Mən isə hər zaman deyirəm ki, biz maaş alırıq. Yəni biz gördüyümüz işə görə dövlət bizə maaş verir. O maaşın azlığına və ya çoxluğuna baxmayaraq, onun halallığı olsun deyə, gördüyün işi hər zaman ürəklə görməlisən. Aktyor deyəndə bəzən çoxumuza adi gəlir, amma dərin düşünəndə aktyor psixoloqdur, onda başqalaşma var. Mən əgər oynadığım obrazın psixologiyasını, dünyagörüşünü, həyatını, düşüncələrini, yanaşmalarını və hərəkətlərini başa düşə bilməsəm, o zaman bu obrazı ortaya qoya bilmərəm. Aktyorun işi daim oxumaqla keçir. Aktyor ədəbiyyatı bilməli, porozanı və nəsri tanımalı, yazıçıları və dünya teatrlarını bilməlidir ki, o obrazı düzgün oynaya bilsin. Aktyor dayanmadan öz üzərində işləyən bir sahədir.
Səməd müəllim, jurnalistika, yoxsa teatr?
Səməd müəllim cavab verdi:"Jurnalist bu gün öz işini tək görsə də, aktyor tək ola bilməz. Səhnədə tək rol ala bilər, amma pərdə arxasında kimlərsə olur: qrim ustası, paltar dəyişimi üçün, musiqi tərtibatçısı və s. Mən hər zaman kollektiv işləməyi sevirəm. Teatrda bu var və hər zaman olacaqdır".
Ən yaxşı tərəfmüqabiliniz kim olub?
Mənim ən yaxşı tərəfmüqabilim Rza Xudiyevdir. İndi deyərsiniz, niyə məhz Rza müəllim? Çünki o, çox gözəl aktyordur, yaxşı səhnə plastikası, duyum bacarığı və səs tonu var. Daha sonra isə Xalq artistimiz Rövşən Hüseynovdur.
İndi tamaşaçı nə istəyir?
Sualımıza Səməd müəllim belə cavab verdi: İndi tamaşaçı stresli zamanlarda, dünyada baş verən problemlərdən uzaq durmaq üçün teatra üz tutur, çünki hər birimizin gülümsəməyə ehtiyacı var. İlk dəfə Yunan teatrları faciə ilə başlayıb, amma bizim həyatımız bütöv olaraq dramdan ibarətdir. Baxın, mən hər zaman deyirəm ki, tamaşaçı teatra əylənmək üçün gəlmir, düşünmək üçün gəlir. Hətta komediyada belə, tamaşaçı düşünməlidir; faciədə və dramda da. Tamaşada rejissor düşündürə bilirsə, o tamaşada tamaşaçı əylənə bilər.
Hazırda teatrımızın inkişafı üçün əlimizdən gələni edirik. Bu ilin son tamaşası Qriqori Qorin "Herostratı Unudun" əsəri olacaq. Gələn həftədən məşqlərimiz başlayacaq və orada Herostrat obrazı mənə verilib. Qısa desəm, Herostrat fırıldaqçı və şöhrətsevər bir insandır. Bir də mənim özüm hazırladığım "Cırtdanın sehirli laylığı" adlı yeni tamaşa, yeni ildə uşaqlar üçün nəzərdə tutulub. Artıq məşqlər başlayıb.
Səməd müəllim həm də çox yaxşı pedaqoqdur. O hazırda Naxçıvan Dövlət Universitetinin Musiqi Kollecində aktyorluq sənəti üzrə tədris edir. Naxçıvan Dövlət Universitetində də jurnalist tələbələrin yetişməsində böyük rol oynayıb. Bir neçə il Naxçıvan Dövlət Universitetində Jurnalistika ixtisasında dərs deyib.
Həmçinin 2011-ci ildə çapdan çıxan "Telejurnalistika" adlı dərs vəsaitinin müəllifidir. Bu sanballı əsərdən bu gün də gənc jurnalistlər istifadə edir, nəzəri biliklərini zənginləşdirib, praktik tətbiq edirlər.
Bu dəfə "Peşəkar"da peşəkardan yazdıq, onunla söhbət etdik. Səməd Canbaxşiyevə uğurlar arzulayırıq və Allahdan ona sağlam ömür diləyirik.
Mənsurə Hümbətova