Şəxsi həyatın toxunulmazlığını pozmağa görə hansı cəza var? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Şəxsi həyatın toxunulmazlığını pozma cinayət məsuliyyəti yaradırmı?
Cavab: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 156-cı maddəsinə əsasən şəxsi həyatın toxunulmazlığını pozma cinayət məsuliyyəti yaradır. Bu əməl şəxsi və ailə həyatının sirri olan məlumatların, həmin məlumatları əks etdirən sənədlərin, video və foto materialların, səs yazılarının qanunsuz toplanılması, yayılması, satılması və ya başqasına verilməsi kimi halları əhatə edir.
Bu əməli törədən şəxs 1000 manatdan 2000 manatadək cərimə, 240 saatdan 480 saatadək ictimai işlər və ya 1 ilədək müddətə islah işləri ilə cəzalandırıla bilər.
Əgər həmin əməl:
vəzifəli şəxs tərəfindən qulluq mövqeyindən istifadə etməklə törədilərsə;
pilotsuz uçuş aparatlarından istifadə etməklə həyata keçirilərsə,
təqsirli şəxs 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər. Həmçinin ona 3 ilədək müəyyən vəzifə tutmaq və ya müəyyən fəaliyyətlə məşğul olmaq qadağası tətbiq oluna bilər.
Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov








