Şöbə müdiri: Naxçıvanda nəqliyyat vasitələrinin özəlləşdirilməsi iki dəfədən çox artıb

Şöbə müdiri: Naxçıvanda nəqliyyat vasitələrinin özəlləşdirilməsi iki dəfədən çox artıb

26 Avqust 2026

2026-cı ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında əmlak və torpaq sahələri üzrə hərrac və müsabiqələrin sayında artım müşahidə olunub.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ" -nə müsahibəsində Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi”nin şöbə müdiri Məmməd Cəfərov deyib.

Onun sözlərinə görə, hesabat dövründə Mərkəz tərəfindən ümumilikdə 43 hərrac keçirilib.

Məmməd Cəfərov bildirib ki, müvafiq sərəncamlar əsasında müxtəlif idarə və təşkilatların balansında olan 15 nəqliyyat vasitəsi, 7 qeyri-yaşayış sahəsi və 1 daşınar dövlət əmlakı hərrac vasitəsilə özəlləşdirilib.

Şöbə müdiri qeyd edib ki, yer təkinin istifadəyə verilməsi üzrə də hərraclar təşkil olunub. Belə ki, Culfa rayonundakı “Ərəzin II” gəc-gips yatağı 10 il, Ordubad rayonundakı “Əylis qum-çınqıl” yatağı 1 il, Culfa rayonundakı “Gülüstan” qum-çınqıl yatağı isə 10 il müddətinə faydalı qazıntıların çıxarılması məqsədilə istismara verilib.

“Eyni zamanda, bələdiyyə mülkiyyətində olan 17 torpaq sahəsinin mülkiyyətə və ya icarəyə verilməsi məqsədilə müsabiqə və hərraclar təşkil olunub. Keçirilən müsabiqə və hərraclar nəticəsində 14 torpaq sahəsi mülkiyyətə, 3 torpaq sahəsi isə icarəyə verilib”, – deyə Məmməd Cəfərov vurğulayıb.

O bildirib ki, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə nəqliyyat vasitələrinin özəlləşdirilməsində 2,5 dəfə, qeyri-yaşayış sahələrinin özəlləşdirilməsində 1,2 dəfə, yer təkinin istifadəyə verilməsində 1,5 dəfə, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə və ya icarəyə verilməsində isə 1,2 dəfə artım qeydə alınıb.

Müsahibəni hazırladı: 

Xosrov İbrahimov