Ülviyyə Həmzəyevanın Bakıda sərgisi açılıb - FOTO
Yanvarın 22-də Azərbaycan Milli İncəsənət Muzeyində Əməkdar rəssam, Naxçıvan Rəssamlar Birliyinin sədri və millət vəkili Ülviyyə Həmzəyevanın "Çağırış – zaman və məkan boşluğunda itmiş simvollar" adlı qrafika sərgisinin açılış mərasimi keçirilib. Tədbirdə tanınmış ictimai-mədəni xadimlər, millət vəkilləri, ziyalılar və çoxsaylı qonaqlar iştirak ediblər.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, açılışda çıxış edən Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova, Xalq rəssamı Salhab Məmmədov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, millət vəkilləri Hicran Hüseynova və Elnarə Akimova Ülviyyə Həmzəyevanın müasir Azərbaycan təsviri sənətində özünəməxsus yer tutduğunu vurğulayıblar. Natiqlər rəssamın əsərlərinin qədim sənət ənənələrindən ilham aldığını, dərin məna və məzmunla zəngin olduğunu qeyd ediblər.
Rəssam Ülviyyə Həmzəyeva tədbir iştirakçılarına təşəkkür edərək, Ulu Öndər Heydər Əliyevin və 44 günlük Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsini təklif edib. O, çıxışında sərginin təşkilində əməyi keçən hər kəsə minnətdarlığını bildirərək qonaqları ekspozisiya ilə tanış olmağa dəvət edib.
Sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə reallaşdırılıb. Tədbirdə rəssamın 50-dən çox qrafika əsəri nümayiş olunur.
Ekspozisiyada sərgilənən əsərlər Naxçıvanın qədim ruhunu, 44 günlük Vətən müharibəsindəki şanlı qələbəni, Qərbi Azərbaycanın tarixi-mədəni irsini, Kovid-19 pandemiyasını, yuxu və gerçəkliyin əlaqəsini əks etdirir. Rəssam qədim bədii dili müasirləşdirərək əsərlərinə öz ruhunu və qəlbinin hərarətini qatıb.
Sərgi 28 fevral 2025-ci il tarixinədək ziyarətçilər üçün açıq olacaq.