Azərbaycan-İran idman əməkdaşlığı üzrə 2026-2028-ci illər üçün Fəaliyyət Planı imzalanıb

Azərbaycan-İran idman əməkdaşlığı üzrə 2026-2028-ci illər üçün Fəaliyyət Planı imzalanıb

07 Avqust 2026

İranın idman və gənclər naziri Əhməd Dünya Malinin rəhbərlik etdiyi rəsmi nümayəndə heyəti Azərbaycanda səfərdədir.

Gənclər və İdman Nazirliyindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edərək əziz xatirəsini böyük ehtiramla yad edib.

Daha sonra Şəhidlər Xiyabanına və Zəfər abidəsinə gələrək qəhrəman övladlarımızın xatirəsini hörmətlə anıblar.

Bundan başqa, gənclər və idman naziri Fərid Qayıbov İranın idman və gənclər naziri Əhməd Dünya Mali və geniştərkibli nümayəndə heyəti ilə ikitərəfli görüş keçirib. Görüşdə tərəflər arasında gənclər və idman sahələrində əməkdaşlıq imkanları, təcrübə mübadiləsi və qarşılıqlı səfərlərin təşkili məsələləri müzakirə olunub.

Görüşün yekununda "Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə İran İslam Respublikasının İdman və Gənclər Nazirliyi arasında gənclər və idman sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumunun həyata keçirilməsi üzrə 2026–2028-ci illər üçün Fəaliyyət Planı" imzalanıb.

Qeyd edək ki, səfər çərçivəsində nazir Əhməd Dünya Mali və nümayəndə heyəti Bakıda bir sıra idman qurğuları ilə tanış olacaq.