
Azərbaycan Respublikasının Konstitusiyası əsas insan hüquq və azadlıqlarının təminatçısıdır
Məlumdur ki, hər bir ölkənin qanunvericiliyinin ilkin bünövrəsi əsas qanun olan konstitusiyadır. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti yarandı. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə konstitusiya layihəsinin hazırlanması üçün komissiya yaradılmışdır. Yeni Konstitusiya layihəsini hazırlayan Komissiyanın ilk iclası 1995-ci il iyunun 5-də keçirilib. Həmin iclasda geniş nitqlə çıxış edən Ulu Öndər Heydər Əliyev qeyd edib ki, “Müstəqil Azərbaycanın ilk Konstitusiya layihəsinin hazırlanması olduqca mühüm bir tarixi hadisədir. Konstitusiya yaratmaq üçün şübhəsiz ki, tarixi keçmişimizə nəzər salmalıyıq, amma eyni zamanda ümumbəşəri dəyərlərdən, dünyanın demokratik dövlətlərinin əldə etdiyi nailiyyətlərdən, təcrübədən istifadə etməliyik, bəhrələnməliyik”. 12 noyabr 1995-ci il tarixdə keçirilmiş ümumxalq səsverməsi-referendumla yeni konstitusiya qəbul edilmiş, 27 noyabr 1995-ci il tarixdə qüvvəyə minmişdir.
İlk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, Ulu Öndər Heydər Əliyevin 1996-cı il 1 noyabr tarixli Fərmanına əsasən hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilməyə başlandı.
İşğal altında olan torpaqlarımızın Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuz tərəfindən 44 Günlük Vətən müharibəsində erməni işğalçılarından azad edilməsi nəticəsində ata-baba yurdundan didərgin salınaraq hüquqları tapdalanmış bir milyondan çox soydaşımızın konstitusion hüququ bərpa edilmişdir.
Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və onun inkişafına güclü təkan verdi, hakimiyyətin bölünməsinin əsas prinsiplərini müəyyənləşdirdi. İnsan və vətəndaş hüquqlarının, azadlıqlarının müdafiəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları üzərinə ümdə vəzifə olaraq qoydu.
Əsas Qanunda dövlətin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, cəmiyyətin demokratikləşdirilməsinə və vətəndaş cəmiyyətinin bərqərar olmasına nail olmaq, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq kimi niyyətlər təsbit olunmuşdu.
Azərbaycan Respublikası Konstitusiyasının 158 maddəsindən 48-i bilavasitə insan hüquq və azadlıqlarına və onların təminatlarına həsr edilmişdir. İnsan hüquq və azadlıqları müəyyən edilərkən milli-mənəvi dəyərlərimiz, hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normaları əsas götürülmüşdür. Əsas Qanunumuzda heç bir ayrı-seçkilik qoyulmadan ədalət və bərabərlik prinsipləri əsasında insanların hüquq və azadlıqları geniş təsbit olunmuşdur.
Yeni dövrün tələblərinin yaratdığı zərurətlə əlaqədar, həmçinin ölkəmizin sürətli inkişafına mütənasib olaraq Azərbaycan Respublikasının Konstitusiyasına bir neçə dəfə əhəmiyyətli əlavə və dəyişikliklər edilib. Bu əlavə və dəyişikliklər Azərbaycan dövlətinin sosial-iqtisadi inkişafına, vətəndaşların hüquq və azadlıqlarına daha etibarlı müdafiəsinə, sosial dövlət prinsiplərininin daha da sürətli təşəkkül tapmasına əhəmiyyətli təkan verdi, dövlət hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsinə, insan hüquq və azadlıqlarının daha səmərəli təmin edilməsində dövlət və bələdiyyələrin məsuliyyətinin artırılmasına şərait yaratdı.
Müasir Azərbaycan Respublikasının Konstitusiyası müstəsna dərəcədə xalqı dövlət hakimiyyətinin yeganə mənbəyi hesab edərək hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqlarınının olduğunu bəyan etmişdir. Konstitusiyamızda müfəssəl şəkildə insanların yaşamaq, azadlıq, seçki, bərabərlik, mülkiyyət, toxunulmazlıq, nikah, əmək, tətil, istirahət, sosial təminat, mədəniyyət, sağlamlığın qorunması, təhsil, mənzil, vicdan, fikir, söz, məlumat, yaradıcılıq, vətəndaşlıq, cəmiyyətin və dövlətin siyasi həyatında iştirak, hüquqi yardım almaq və.s hüquq və azadlıqları təsbit olunmuşdur.
Konstitusiyamız qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının üzərinə insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq vəzifəsini qoymuş və buradakı hər hansı bir müddəanın insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş kimi təfsir edilməsini qəti olaraq istisna etmişdir. Əsas qanunumuzda həmçinin insan hüquq və azadlıqlarının həyata keçirilməsinin işlək mexanizmi müəyyən olunmuşdur.
Qəbul edildikdən indiyədək dövlətin hüquqyaratma fəaliyyətində əsas istinad nöqtəsi olmuş milli sərvətimiz- Konstitusiyamız bundan sonra da qanunvericiliyimizin inkişafı və formalaşmasında əsas baza olacaqdır.
Asət MİRZƏYEV
Naxçıvan Muxtar Respublikası Ədliyyə
Nazirliyi İstintaq bölməsinin rəisi,
I dərəcəli ədliyyə qulluqçusu