Naxçıvanın muxtariyyəti - tarixin zərurəti

Naxçıvanın muxtariyyəti - tarixin zərurəti

09 Fevral 2025

“Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir, biz bunu qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyəti Naxçıvanın əldən getmiş başqa torpaqlarının qaytarılması üçün ona xidmət edən çox böyük amildir. Biz bu amili qoruyub saxlamalıyıq”- Heydər Əliyev. Azərbaycanın xalqının ümummilli lideri.   

20-ci əsrin əvvəllərində Qafqazda gedən ictimai-siyasi proseslər Azərbaycanın Naxçıvan bölgəsini də əhatə edirdi. 1917-ci ildə çar Rusiyası devriləndən sonra, imperiyanın keçmiş ərazilərində yaşayan qonşu xalqlar bir-birinin ərazilərinə torpaq iddiaları qaldırdılar. Təəssüf ki, ermənilər də Azərbaycan torpaqlarına qarşı bu cür xəyanət addımı atdılar.   1918-ci ilin payızında yerli əhalini erməni qırğınlarından qorumaq və Naxçıvanın yad əllərə keçməsinin qarşısını almaq məqsədilə burada Arza-Türk Respublikası  yaradıldı. Araz-Türk Respublikasının silahlı qüvvələrinin köməyi ilə və yerli əhalinin fəal müqaviməti nəticəsində Ermənistanın daşnak hökumətinin Naxçıvanı ilhaq etmək siyasətinin qarşısı alındı. Lakin 1919-cu ilin əvvəllərində ingilislər Naxçıvanı işğal edərək Araz-Türk Respublikasını və Naxçıvan Milli Komitəsini ləğv etdilər.

 Lakin 1920-ci ildə Sovet işğalından sonra Zəngəzur mahalı bolşeviklər tərəfindən  Ermənistana verildi. Beləliklə,  Naxçıvanın  ərazisi  Azərbaycandan ayrı düşdü. Bu məsələ əhalisi azərbaycanlılardan ibarət olan  Naxçıvanın muxtariyyətini zəruri etdi. Ermənistan SSR hökuməti dəfələrlə Naxçıvanı özünə ilhaq etmək üçün siyasi cəhdlər göstərdi. Lakin, 1921-ci ilin yanvarında Azərbaycan, Ermənistan və Rusiya nümayəndələrinin təşəbbüsü ilə keçirilmiş rəy sorğusunda Naxçıvan əhalisinin 90 faizdən çoxu Naxçıvan mahalının muxtariyyət statusunda Azərbaycan SSR- in tərkibində qalmasına səs verdi. Təbii ki, həmin vaxt Azərbaycanla bərabər Türkiyə də Naxçıvanın Ermənistana verilməsinin əleyhinə idi. Bu məsələ Moskva ilə danışıqlarda gündəmə gətirilmişdi.  Naxçıvanın Azərbaycanın himayəsi altında muxtariyyət statusu RSFSR və Türkiyə Cümhuriyyəti arasında 1921-cü ildə bağlanmış Moskva müqaviləsində, sonra isə  elə həmin ilin oktyabrında Rusiya, Azərbaycan, Gürcüstan, Ermənistan və Türkiyə arasında bağlanmış Qars müqaviləsindı təsbit edildi.  Hər iki müqavilə Türkiyəyə Naxçıvan ərazisinə Azərbaycan ordusundan başqa bir ordunun daxil olması halında, Naxçıvanın təhlükəsizliyini özü üzərinə götürmək hüququ verirdi.

Nəhayət, 1924-cü il, 9 fevral tarixdə Naxçıvan Muxtar Diyarının Azərbaycan SSR- in tərkibində Naxçıvan Muxtar Sovet Sosialist Respublikasına çevrilməsi rəsmi şəkildə qəbul edilid.

Bu gün Naxçıvan Muxtar Respublikasının yaranmasından 101 il ötür. Muxtar respublika özündə 7 rayon və Naxçıvan şəhərini paytaxt kimi birləşdirir. 1992-ci ildə Ermənistan tərəfindən ərazisi blokadaya salınsa da, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1990-93-cü illərdə Naxçıvanda Ali Məclisin Sədri olduğu dövrdə və yenidən ölkə başçısı seçildiyi illərdə Naxçıvan Muxtar Respublikası erməni təcavüzünün qarşısını almaqla bərabər həm də öz varlığını qoruyub saxladı. Bu gün isə ölkə başçımız cənab İlham Əliyevin diqqət və qayğısı ilə Naxçıvan ölkənin digər əraziləri ilə yanaşı, eyni zamanda qonşu dövlətlərlə müqayisədə sürətlə inkişaf edir.  

Bu gün Naxçıvanın türk dünyası və Avropa ilə Asiyanı birləşdirən bir geosiyasi, strateji ticarət   yolunun  üzərində yerləşməsi onun dünya üçün  əhəmiyyətini artırır. Müzəffər Ali Baş Komandanın təşəbbüsü ilə yaxın gələcəkdə reallaşması gözlənən “Zəngəzur dəhlizi”nın mühüm hissəsi məhz Naxçıvanın payına düşür. İnanırıq ki, bu mühüm məsələ həllini tapandan sonra  Naxçıvan Muxtar Respublikası özünün iqtisadi inkişafı ilə dünyanı heyrətə salacaq.

Rza XUDİYEV

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı.

Xalq artisti