Yeniyetmələrdə emosional sağlamlıq

Yeniyetmələrdə emosional sağlamlıq

10 Fevral 2025

Yeniyetmələrin emosional rahatlığı onların gələcəkdə hərtərəfli inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Belə ki, yeniyetmənin bir şəxsiyyət  kimi formalaşması, sosial bacarıqlara yiyələnməsi və gələcəkdə müxtəlif situasiyalar qarşısında dözümlülük və əzmkarlıqla çıxış etmələrinə zəmin yaratmış olur. Lakin, baş verən sürətli dəyişimlər və ailələrdə baş verən müəyyən tənzimləmələrin pozulması, yemiyetmələrin emosional rahatlığına öz təsirini göstərir.

Yeniyetmələrdə emosional rahatlığına, onların sosial və şəxsi inkişafına təsir edən əsas amilləri aşağıdakı kimi təsnifləndirmək olar:

1. Hiss və duyğularını idarə etmə bacarığı: Yeniyetmələrdə hisslərin daha coşqun xarakter daşıdığı nəzərə alaraq qeyd etmək olar ki, emosional rahatlığa birbaşa təsir göstərir. Yəni, hisslərini yönlətmə, cilovlama bacarığından məhrum olurlar. Ona görə də, hissləri idarə etmə bacarığına yiyələnmələri emosional rahatlığın təmin olunması mühüm əhəmiyyət kəsb edir.

2. Özünü anlama: Emosional rahatlığa sahib olan yeniyetmələr özlərini dəyərli və güvənli hiss edirlər. Eyni zamanda, başqalarının fikir və düşüncələrinə hörmət bəsləyirlər. Sosial əlaqələri daha yaxşı şəkildə qurulur.

3. Ətrafa qarşı səbrli reaksiya: Yeniyetmələr əsasən reaksiyaları gözlənilməz və müəyyən mənada sərt olur. Bu qeyri-adaptiv reaksiyalar bir müddət sonra vərdiş halına çevrilir, xarakterik xüsusiyyət kimi özünü göstərir. Ona görə, yeniyetmələrdə sosial ünsiyyət bacarıqlarına xüsusi diqqət yetirməklə, ətrafa qarşı obyektiv münasibət bəsləməsinə köməklik göstərmək lazımdır. Bu zaman, emosional tənzimləmə baş verəcəkdir ki, bu da özünü rahatlıq olaraq, əks etdirəcək.

4. Çətinliyə qarşı adaptasiya: Yeniyetmələr, istər ailədə, istərsə də məktəbdə qarşılarına çıxan çətinlikləri birmənalı qəbul edə bilmir, əsasən dözümsüzlük və etiraz sərgiləyirlər. Bu, onlarda emosional rahatlığın pozulnası kimi xarakterizə olunur. Stres və təzyiqlər onları əsəbi və gərgin olmağa vadar edir. Ona görə də, adaptasiyanın təmin edilməsi, onlarda özünü təhlil üçün fürsət yaratmış olur.

5. Empati və sosial bacarıqlar: Emosional rahatlığa malik olan yeniyetmələr, başqalarının hisslərini başa düşmək və onlara empati göstərmək bacarığına sahibdirlər. Bu, onların münasibətlərini gücləndirir və sosial mühitlərdə uyğunlaşmalarına kömək edir.

6. Motivasiya və özünəinam: Emosional rahatlıq, pozitiv duyğuların, məmnuniyyətin və həyatın mənasının qəbul edilməsi ilə əlaqəlidir. Yeniyetmələr öz maraqlarına uyğun fəaliyyətə cəlb edildiyi zaman, həyatı məqsədəuyğun mənalandırmağa meyl göstərirlər və gördüyü işdən zövq almağa başlayırlar.

Yeniyetmələrdə emosional rahatlığın davamlı olması üçün, ailə və məktəb mühitində səmimi və doğru auranın yaradılması vacibdir. Ailələr yeniyetmələrə xüsusi həssaslıqla yanaşmalı, sevgi və qayğını uyğun dərəcələrdə ifadə etməyi bacarmalıdır. Məktəb mühitində isə onlara qarşı anlayış və diqqət göstərilməlidir. Çünki, yeniyetməlik dövründə özünükəşf və özünüaxtarış xüsusiyyətləri üstünlük təşkil edir. Bu imkanı ailə və məktəb elə yaratmalıdır ki, yeniyetmə özünüaxtarışda nəticəyə çata bilsin.

Yeniyetmələr özlərini kəşf etmək üçün ən uyğun vasitənin texnoloji imkanlar olduğunu düşünürlər. Demək olar ki, bu düşüncədə kifayət qədər haqlıdırlar. Lakin, bu imkanlardan düzgün istifadə məsələsi yenə də, ailə və məktəbin düzgün dəstəyindən asılıdır. Düzgün istiqamətlənmə olmazsa, emosional rahatlığı pozulan yeniyetmə texnologiyanın içində yox olacaqdır. Məhz bu baxımdan, emosional rahatlığı təmin olunan hər bir yeniyetmə, inkişafa yönələcək, öz bacarıqlarını sübut etmək üçün bütün var-gücü ilə mübarizə aparacaqdır.   

Əzizə CƏFƏRZADƏ

Psixoloq