Zəngəzur dəhlizi və Azərbaycan-Ermənistan münasibətləri: tarixi ədalət yolunda

Zəngəzur dəhlizi və Azərbaycan-Ermənistan münasibətləri: tarixi ədalət yolunda

13 Fevral 2025

Azərbaycanın dövlət siyasətində prioritet məsələlərdən biri Zəngəzur dəhlizinin açılmasıdır. Prezident cənab İlham Əliyevin qətiyyətli mövqeyi ondan ibarətdir ki, ölkənin əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqə təmin olunmalıdır. Bu tələb tarixi reallığa, beynəlxalq hüquqa və ədalət prinsiplərinə əsaslanır.

Qərbi Zəngəzur əsrlərboyu Azərbaycan torpağı olub, lakin 1920-ci ilin noyabrında sovet hakimiyyəti tərəfindən ədalətsiz qərarla Ermənistana verilib. Bu addım xalqımıza qarşı törədilmiş tarixi cinayətlərdən biri kimi qiymətləndirilir. Ermənistan-Azərbaycan münaqişəsi XX yüzillik tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olub, onun nəticələri milyonlarla azərbaycanlının taleyinə ciddi təsir göstərib.

Azərbaycanın Ermənistanla bağlı mövqeyi birmənalıdır: rəsmi Bakı Ermənistanın ərazi bütövlüyünə iddia etmir. Bununla belə İrəvan da üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli və Azərbaycandan Azərbaycana maneəsiz keçidi təmin etməlidir. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, Azərbaycanın əsas məqsədi beynəlxalq hüquqa və tarixi ədalətə uyğun siyasət yürütməkdir. Son illərdə yaranan yeni reallıqlar göstərir ki, bu mövqenin alternativi yoxdur. Yaxın gələcəkdə Naxçıvanın ölkənin əsas hissəsinə birləşməsi ilə tarixi ədalət bərpa ediləcək.

Ermənistanın irəli sürdüyü “Sülh kəsişməsi” adlı layihənin Azərbaycanın razılığı olmadan heç bir dəyəri yoxdur. Bu barədə Bakı rəsmi və qeyri-rəsmi kanallar vasitəsilə İrəvana dəfələrlə xəbərdarlıq edib. Prezident cənab İlham Əliyev vurğulayıb ki, Ermənistan rəhbərliyi 10 noyabr 2020-ci il bəyanatını diqqətlə oxumalı və üzərinə götürdüyü öhdəliklərə əməl etməlidir. Əks halda, İrəvanın təqdim etdiyi hər hansı təşəbbüs nəticəsiz qalacaq.

Azərbaycan regional inteqrasiya proseslərində ədalətli və hüquqa əsaslanan siyasətini davam etdirir. Zəngəzur dəhlizinin açılması və Ermənistanın öhdəliklərini yerinə yetirməsi bu prosesin ayrılmaz hissəsidir. Azərbaycanın irəli sürdüyü tələblər beynəlxalq hüquqa əsaslanır və bölgədə uzunmüddətli sabitliyin təmin olunması üçün vacibdir. Əlbəttə ki, Zəngəzur dəhlizinin açılması Ermənistanın beynəlxalq nəqliyyat və iqtisadi layihələrdə iştirak imkanlarını da formalaşdıra və qarşılıqlı əməkdaşlıq perspektivləri yarada bilər.

Naxçıvanda sənayenin inkişafı və Zəngəzur dəhlizi

Ölkə iqtisadiyyatında yeni perspektivlər Naxçıvanda yaradılmış olan Şərur Sənaye Məhəlləsi və ölkənin 13-cü sənaye zonası olacaq Naxçıvan Sənaye Parkının yaradılması muxtar respublikanın iqtisadi inkişafında mühüm mərhələdir. Bu layihələr Azərbaycanın şərq-qərb  nəqliyyat dəhlizlərinə inteqrasiyasını gücləndirəcək, eyni zamanda Zəngəzur dəhlizinin açılması ilə daha da strateji əhəmiyyət qazanacaq.

Zəngəzur dəhlizinin açılması Naxçıvanın Azərbaycanla birbaşa quru əlaqəsinin bərpasına gətirib çıxaracaq. Bu, muxtar respublikanın iqtisadi potensialını artıraraq Şərur Sənaye Məhəlləsi və Naxçıvan Sənaye Parkında istehsal olunan məhsulların Azərbaycan və dünya bazarlarına çıxışını asanlaşdıracaq. Zəngəzur dəhlizinin açılması Naxçıvanı iqtisadi sıçrayış nöqtəsinə çevirəcək. Bu, yalnız tranzit daşımalarla məhdudlaşmayacaq, həm də ticarət, sənaye və logistika mərkəzlərinin formalaşmasına zəmin yaradacaq. Həmçinin dəhlizin açılması və sənayeləşmənin inkişafı beynəlxalq investorların diqqətini Naxçıvana yönəldəcək ki, bu da  birbaşa sərmayə axınına və ölkə iqtisadiyyatının inkişafına əsaslı təsir edəcək. Zəngəzur dəhlizi Naxçıvan üçün təkcə nəqliyyat və logistika imkanları yaratmır, həm də yeni iqtisadi inkişaf dövrünün başlanğıcıdır. Naxçıvanın strateji mövqeyi və iqtisadi potensialı onu regionda vacib bir aktora çevirir.

Hazırda İran və Türkiyə vasitəsilə həyata keçirilən ticarət əlaqələri Zəngəzur dəhlizi ilə daha sürətli və sərfəli olacaq. Naxçıvanın sənaye potensialının gücləndirilməsi həm də bölgədə yeni iş yerlərinin açılmasına, sahibkarlara güzəştli şəraitin təmin edilməsinə, investisiya imkanlarının genişləndirilməsinə, ixrac yönümlü məhsul istehsalının artırılmasına, ixrac imkanlarının genişlənməsinə və investisiya cəlbediciliyinin artmasına şərait yaradacaq. Zəngəzur dəhlizi ilə muxtar respublikaya daha ucuz xammal gətirilməsi və istehsal olunan məhsulların geniş bazarlara çıxarılması mümkün olacaq. Azərbaycan qlobal nəqliyyat və logistika mərkəzinə çevrilməkdədir. Bu prosesdə iki əsas beynəlxalq nəqliyyat marşrutu xüsusi rol oynayır:

Şərq-Qərb Dəhlizi – Orta Dəhliz – Çindən Avropaya uzanan bu marşrut Azərbaycan üzərindən keçərək Asiya ilə Avropanı birləşdirir. Zəngəzur dəhlizinin açılması bu marşrutun Naxçıvan və Türkiyə üzərindən də keçməsinə imkan verəcək, beləliklə, Azərbaycan tranzit gəlirlərini artıracaq və beynəlxalq ticarətdə rolunu gücləndirəcək.

Şimal-Cənub Dəhlizi – Rusiya, İran, Hindistan və digər ölkələri birləşdirən bu marşrut Azərbaycanın mühüm tranzit ölkə kimi mövqeyini möhkəmləndirir. Naxçıvanda sənaye müəssisələrinin inkişafı ilə bu dəhlizə əlavə istehsal gücü də qatılacaq. Naxçıvanda Sənaye məhəllələrinin və parklarının yaradılması regiona daha çox yerli və xarici investisiyanın cəlb olunmasına səbəb olacaq. Zəngəzur dəhlizinin açılması ilə Naxçıvanın ixrac potensialı artacaq, sənaye məhsulları daha sərfəli marşrutlarla Avropa və Asiya bazarlarına çıxacaq. Logistika, sənaye və xidmət sektorlarında iş imkanlarının genişlənməsi regional inkişafı sürətləndirəcək.

Nəticə olaraq, Naxçıvanda Sənaye məhəllələrinin yaradılması və Zəngəzur dəhlizinin açılması bir-biri ilə sıx bağlıdır. Bu infrastruktur layihələri Azərbaycanın tranzit ölkə statusunu gücləndirəcək, regional iqtisadi inteqrasiyanı sürətləndirəcək və ölkənin uzunmüddətli inkişafına töhfə verəcək. Həyata keçirilən bu tədbirlərlə paralel olaraq “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın uğurlu icrası nəticəsində ölkə iqtisadiyyatı sürətlə inkişaf edəcək, həmçinin Naxçıvanın iqtisadi dayanıqlılığının daha da güclənməsi və öz daxili resursları hesabına maliyyələşməsi nəticəsində iqtisadi müstəqilliyi tam təmin olunacaq.

Canməmməd CANMƏMMƏDOV

Naxçıvan Muxtar Respublikası  Ali Məclisinin deputatı