
Elbrus İsayev: NDU-da 13 minə yaxın tələbə təhsil alır
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev Bilik Günü münasibətilə jurnalistlərə müsahibə verib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, universitetin tələbə kontingenti son illərdə rekord göstəricilərlə ifadə olunur:
“Bu gün biz 13 min nəfərə yaxın tələbə kontingenti ilə fəaliyyət göstərən ali təhsil müəssisəsiyik. Tabeliyimizdə olan qurumlar və universitetimizin tələbələri 250-dən artıq proqramda təhsil alır ki, onların gələcəkdə cəmiyyətimizə xeyirli bir vətəndaş kimi yetişməsi üçün səylə çalışırıq”, – deyə Elbrus İsayev vurğulayıb.
O, qeyd edib ki, ilk dərs günü tanışlıqlar və harmoniyada keçən görüşlər sonrakı təhsil prosesinə müsbət təsir göstərir. Rektor, həmçinin Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərdə yeni tədris binalarının açılışını etməsini qürurla izlədiklərini söyləyib.
Elbrus İsayev universitetin inkişafında Ulu Öndər Heydər Əliyevin xüsusi rolunu qeyd edərək bildirib ki, ümummilli lider dörd dəfə ali məktəbdə olub, təhsil ocağının inkişafına böyük diqqət göstərib. Prezident İlham Əliyevin də iki dəfə universitetdə olduğunu, yeni tədris korpuslarının açılışında iştirak etdiyini xatırladıb.
Rektor deyib ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda NDU-nun prioritetlərdə yer alması kollektivin məsuliyyətini daha da artırır. Bu tədris ilində universitetdə yeni layihələrin həyata keçirildiyini də diqqətə çatdırıb. Onların sırasında Beynəlxalq Kembric Məktəbinin maddi-texniki bazasının yenilənməsi, universitet kampusunda İnnovasiya Mərkəzinin açılması və mübadilə proqramlarının genişləndirilməsi var.
Elbrus İsayev vurğulayıb ki, bu il universitetə qəbul da rekord göstərici ilə yadda qalıb:
600–700 intervalında bal toplayan və NDU-nu seçənlərin sayı ötən ilin 41 nəfərindən 152 nəfərə yüksəlib;
Əcnəbi tələbələrin sayı daha da artaraq, bu il 20-dən artıq ölkədən müraciət qəbul olunub;
Hazırda universitetdə 2 minə yaxın əcnəbi tələbə təhsil alır.