
Naxçıvan su anbarlarında su ehtiyatı iki dəfədən çox azalıb - Səbəb nədir?
Cari ilin avqust ayına olan məlumata görə, Naxçıvan Muxtar Respublikasında yerləşən su anbarlarının layihə gücü 301 milyon kubmetr olsa da, hazırda anbarlarda cəmi 113 milyon kubmetr su ehtiyatı var. Ötən ilin eyni dövründə bu göstərici 229 milyon kubmetr təşkil edib.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə müsahibəsində Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəis müavini Emil Səfərov məlumat verib.
Onun sözlərinə görə, 2025-ci ildə yağıntıların az olması səbəbindən su anbarlarına kifayət qədər su toplanmayıb.
“Arpaçay su anbarında hazırda 77,4 milyon, Heydər Əliyev su anbarında 23,7 milyon, Bənəniyar su anbarında 3 milyon, Uzunoba su anbarında 2,86 milyon, Sirab su anbarında 1,43 milyon, Nehrəm su anbarında isə 1 milyon kubmetr su ehtiyatı mövcuddur. Arpaçay su anbarı əsasən Şərur, Sədərək və Kəngərli rayonlarının su təminatında mühüm rol oynayır və hələlik ciddi problem yoxdur. Lakin Heydər Əliyev su anbarının ehtiyatı az olduğundan Naxçıvan şəhəri və ətraf rayonların suvarılmasında çətinliklər yaranıb”, - deyə Emil Səfərov bildirib.
Rəis müavini qeyd edib ki, bu il suvarma mövsümü başlayandan indiyədək istifadəçilərə 151,7 milyon kubmetr su verilib:
“Beton kanallar uzun müddət istismar olunduğu üçün aşınıb, torpaq kanalların ötürücülük qabiliyyəti aşağıdır, nasos stansiyalarının faydalı iş əmsalı zəifləyib, təzyiqli boru xətlərində tez-tez qəza halları baş verir”.
Onun sözlərinə görə, su çatışmazlığı əsasən Babək, Culfa, Kəngərli və Naxçıvan şəhərinin əkin sahələrində daha kəskindir. Ordubad-Şərur magistral yolunun üst hissəsində də ciddi problemlər mövcuddur.
Su təminatının yaxşılaşdırılması üçün yeni layihələrin icra olunduğunu bildirən Emil Səfərov deyib:
“Hazırda Bənəniyar beton kanalının tikintisi gedir, Arpaçay sağ və sol sahil kanallarının inşası üçün tender elan olunub, Qaraçuq kanalının tikintisi üzrə elan da yaxın vaxtlarda gözlənilir. Bundan əlavə, ‘ARAZ-1’ və ‘ARAZ-2’ nasos stansiyalarının, həmçinin təzyiqli boru xətlərinin tikintisi davam edir”.
O əlavə edib ki, gələcəkdə Araz çayının və Araz su anbarının potensialından maksimum istifadə nəzərdə tutulur:
“Əgər təsərrüfat sahibləri müasir suvarma metodlarını tətbiq etsələr, həm məhsuldarlıq artar, həm də suya qənaət edilər. Biz gələcək layihələrdə su itkilərini minimuma endirməyi hədəfləyirik”.
Ekspert rəyi
Su təsərrüfatı üzrə müstəqil ekspertlər hesab edirlər ki, Naxçıvanda müşahidə edilən bu azalma təkcə yağıntıların miqdarı ilə bağlı deyil. İqlim dəyişikliyi nəticəsində temperaturun yüksəlməsi ilə də bağlıdır.
Ekspertlər bildirib ki, əgər bu tendensiya davam edərsə, yaxın illərdə həm kənd təsərrüfatı məhsuldarlığında, həm də içməli su təminatında ciddi problemlər yarana bilər. Çıxış yolu damcılı suvarma, yağmurlama sistemi və digər müasir texnologiyaların tətbiqindən keçir.
Müsahibəni hazırladı:
Nəzrin Abbaslı