Pərvin Hacıyev: Naxçıvanın xarici ticarət dövriyyəsi 69 milyon dollara çatıb

Pərvin Hacıyev: Naxçıvanın xarici ticarət dövriyyəsi 69 milyon dollara çatıb

15 Avqust 2025

Cari ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasının xarici ticarət dövriyyəsi 69 milyon 19 min 990 ABŞ dolları təşkil edib. Ticarət dövriyyəsinin 7 milyon 504 min 880 dollarını(10,9 faiz) ixrac, 61 milyon 515 min 110 dollarını (89,1 faiz) isə idxal məhsullarının dəyəri təşkil edib.

Bu barədə “NAXÇIVANXƏBƏRLƏRİ”-nə müsahibəsində Naxçıvan MR Dövlət Statistika Komitəsinin əməkdaşı Pərvin Hacıyev məlumat verib.

Onun sözlərinə görə, 2024-cü ilin eyni dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi 10,2 faiz, idxal 13,1 faiz azalıb, ixrac isə 24,8 faiz artıb.

Pərvin Hacıyev deyib ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin məlumatına əsasən, xarici ticarət dövriyyəsinin 45,1 faizi Türkiyə, 12,9 faizi İran, 8,6 faizi Rusiya, 5,9 faizi Koreya, 5,4 faizi Braziliya, 5,3 faizi Gürcüstan, 4,6 faizi Çin, 2,6 faizi Ukrayna, 1,2 faizi Yəmən, 0,8 faizi İndoneziya və 7,6 faizi digər ölkələrlə aparılan əməliyyatların payına düşüb.

“İxracın 29,4 faizi Rusiyaya, 27,3 faizi Gürcüstana, 10,9 faizi Yəmənə, 4,7 faizi Tacikistana, 4 faizi Türkiyəyə, 3,6 faizi İrana və ABŞ-a, 3,4 faizi İraqa yönəlib. İxrac əməliyyatlarında əsas yer qida və sənaye məhsullarına, idxalda isə istehsal və istehlak təyinatlı mallara məxsusdur”, - deyə o bildirib.

O qeyd edib ki, ixrac edilən məhsullar

sırasında unlu-qənnadı məmulatları, içkilər, tütün məmulatları, tikinti materialları və digər məhsullar üstünlük təşkil edib.

“İdxal olunan məhsulların 50,1 faizi Türkiyədən, 13 faizi İrandan, 6,6 faizi Koreyadan, 6,1 faizi Rusiyadan, 6 faizi Braziliyadan, 5,2 faizi Çindən, 2,9 faizi Ukraynadan, 2,6 faizi Gürcüstandan, 0,9 faizi İndoneziyadan, 0,8 faizi isə Ekvadordan gətirilib. İdxal malları arasında yeyinti məhsulları, maşın və avadanlıqlar, elektrik qurğuları, tütün məmulatları, qara metallar, oduncaq, mebel, nəqliyyat vasitələri, geyim, əczaçılıq məhsulları, gübrələr və digər məhsullar üstünlük təşkil edib”, - deyə Pərvin Hacıyev vurğulayıb.

Qeyd edək ki, muxtar respublikanın xarici ticarət dövriyyəsi milyon ABŞ dollarından çox olan ölkələr sırasında Türkiyə, İran, Rusiya, Koreya, Braziliya, Gürcüstan, Çin və Ukrayna yer alır.

Müsahibəni hazırladı:

Nəzrin Abbaslı