Hansı hallarda inzibati məsuliyyət yaranır?

Hansı hallarda inzibati məsuliyyət yaranır? HÜQUQ MƏSLƏHƏTİ

25 İyun 2026

Sual: Uşaqda zorakılıq əlamətlərinin aşkar edilməsi barədə məlumatın verilməməsi hansı hallarda inzibati məsuliyyət yaradır?

Cavab: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 189-4-cü maddəsinə əsasən, uşaqda zorakılıq əlamətləri aşkar edildiyi halda bu barədə məlumatın aidiyyəti hüquq-mühafizə orqanlarına və ya ərazi üzrə uşaq hüquqlarının müdafiəsi üzrə yerli komissiyaya verilməməsi inzibati məsuliyyətə səbəb olur.

Bu öhdəlik valideynlərə (və ya onları əvəz edən şəxslərə), həmçinin uşaqlara nəzarəti həyata keçirmək vəzifəsi daşıyan təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət, istirahət və penitensiar müəssisələrin əməkdaşlarına aiddir.

Qanunvericiliyə görə, belə məlumatın verilməməsinə görə:

fiziki şəxslər 200 manatdan 300 manatadək,

vəzifəli şəxslər isə 400 manatdan 600 manatadək məbləğdə cərimə edilir.

Sualı cavablandırdı: Şərur Rayon Prokurorluğunun prokuror köməkçisi vəzifəsi üzrə stajoru - Nazlı İsmayılzadə